QAN YADDAŞI
Şabran rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO
Şabran, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
20 Yanvar faciəsində şəhid olanların xatirəsi Şabran rayonunda silsilə tədbirlərlə anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 19-da rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhid məzarlarının üzərinə və abidənin önünə tər çiçəklər düzülüb.
Mərasimdəki çıxışlarda bildirilib ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. İmperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar qırğını Azərbaycanda demokratik proseslərə qəsd, düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.
Qeyd olunub ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin uğrunda canlarını qurban verdikləri Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.
Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.