Ölkəmizin zəngin mədəniyyəti ABŞ paytaxtının sakinlərini valeh edib VİDEO
Vaşinqton, 7 may, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyi yenidən öz qapılarını geniş ictimaiyyətə açaraq ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirib. Səfirliyə gələn iki minə yaxın ziyarətçi arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ-ın dövlət strukturlarında çalışan əməkdaşlar və diplomatik korpusun nümayəndələri olub.
Ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, milli-mədəni irsi, turizm potensialı və müxtəlif sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verilib, əyani vəsaitlər, o cümlədən milli geyimlər, respublikamızın göz oxşayan bölgələrindən bəhs edən videoçarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və paylanılıb. Bundan əlavə, ziyarətçilərə ölkəmizin qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.
Xüsusilə Azərbaycan musiqisi və rəqsləri ziyarətçilərdə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs kompaniyasının (Silk Road Dance Company) ifasında “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və digər milli rəqslərimiz açıq havada və səfirliyin binasında qonaqlara təqdim etdirilib. Həmçinin səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil olunub və ölkəmizin görməli yerlərinin fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.
Bu tədbir Vaşinqton meriyası tərəfindən “Dünya boyu səfirliklər turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq altıncı ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə bu il qeyd olunan festivalda 73 ölkənin səfirliyinin iştirakı nəzərdə tutulur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton