Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var VİDEO
İstanbul, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ölkəmizin Ankaradakı səfirliyi tərəfindən mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra mərasim Ankaradakı Heydər Əliyev adına orta məktəbdə davam edib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyi yolunda həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərindən, əldə olunan böyük nəticələrdən, Azərbaycanın və Türkiyənin birgə inkişafı naminə gerçəkləşdirdiyi strategiyanın tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var.
Sonra Türkiyənin ayrı-ayrı bölgələrində Heydər Əliyevin adını daşıyan məktəblərdən olan şagirdlər bədii proqramla çıxış ediblər.
Mərasimdə rəsmi şəxslər, diplomatlar, ziyalılar, yerli sakinlər, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara