İDMAN


Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub

Bakı, 21 aprel, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə aprelin 21-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu gün gimnastlarımız üçün daha uğurlu alınıb. Belə ki, Nərminə Səmədova lentlə hərəkətlərdə 18,000 xal toplayaraq gümüş medal qazanıb.

N.Səmədova daha bir medalı topla yarışlarda əldə edib. O, 18,350 xalla fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Gürzlərlə hərəkətlərdə isə gimnastımız 17,400 xal toplayaraq beşinci olub.

Digər gimnastımız Arzu Cəlilova iplə hərəkətlərdə (17,350 xal) növbəti bürünc medalı ölkəmizin aktivinə yazdırıb.

Gənc bədii gimnastlardan ibarət komandamız da azarkeşləri möhtəşəm çıxışı və uğurlu nəticə ilə sevindirib. Belə ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21,500 xal toplayaraq turnirin baş mükafatını qazanıb. Təmsilçilərimiz beş lentlə yarışlarda isə ikinci yeri tutublar. Onların çıxışları münsiflər heyəti tərəfindən 18,350 xalla qiymətləndirilib.

Sonra qalib və mükafatçıların təltifolunma mərasimi keçirilib.

Xatırladaq ki, turnirin birinci günündə fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük yarışları keçirilib. Azərbaycanı turnirdə fərdi proqramda təmsil edən Arzu Cəlilova ümumi nəticədə 72,650, Nərminə Səmədova, 71,900, Nərmin Bayramova isə 56,000 xal toplayıblar. Bu, gimnastlarımızın çoxnövçülük üzrə medalçılar sırasına düşməsi üçün yetərli olmayıb.

Gənc bədii gimnastlardan ibarət Azərbaycan yığması isə çoxnövçülük (beş halqa və beş lent) yarışında 41,000 xal toplayaraq turnirin gümüş medallarına yiyələnib.

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat - "AGF Trophy" fərdi yarışlarda azərbaycanlı gimnast Arzu Cəlilovaya verilib.

Qrup hərəkətlərində də ən yüksək icra xalını qazanan gənclərdən ibarət yığmanız həmin mükafata sahib olublar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə ikinci "AGF Junior Trophy" beynəlxalq turnirində 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnirdə yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar qüvvələrini sınayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.