DİM rəsmisi: Ötən il zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb
Bakı, 4 fevral, AZƏRTAC
2025-ci ildə Dövlət İmtahan Mərkəzinin zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahan prosesi ilə əlaqədar neqativ hallara yol verdiyinə görə bazadan xaric olunub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
Şöbə müdiri bildirib ki, imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə 346 nəfər çıxarılıb. 2025-ci ildə keçirilmiş imtahanlarda köçürməyə yol vermə və ya köçürməyə şərait yaratma səbəbindən 159 nəfər bazadan çıxarılıb. Sosial məzuniyyətdə olma səbəbindən 122 nəfər, işdən və ya təqaüdə çıxma səbəbindən isə 114 nəfər çıxarılıb”.
Adıgözəl Həbibov qeyd edib ki, imtahan zalını idarə edə bilməmə və iştirakçılarla söhbət etmə kimi hallara görə 42 nəfər bazadan xaric olunub: “Həmçinin müqavilə vəsiqəsini götürmədiyi və ya müqaviləyə xitam verdiyi üçün imtahanlarda iştirak etməmə səbəbi ilə 25 nəfər bazadan xaric olunub. Sağlamlıq imkan vermir, vəfat edib, ölkə xaricindədir, hərbi xidmətdədir, ailə vəziyyəti imkan vermir, direktor təyin edilib, dövlət qulluqçusudur və s. kimi səbəblərə görə 44 nəfər, habelə etik davranış qaydalarını pozma səbəbi ilə 14 nəfər çıxarılıb.
İmtahan zalında telefon aşkarlanması və ya imtahan binasına telefon keçirmə səbəbi ilə 6 nəfər, cavab kartı, sual kitabçası və ya yazı işini səhv vermə səbəbi ilə 14 nəfər, iştirakçının cavab kartını çıxarması səbəbi ilə 10 nəfər bazadan xaric olunub. Sənədlərlə iş bacarığının zəif olması və prosedur qaydalarına dair məlumatın qeyri-kafi olması (cavab vərəqini səhv yerə qoymaq, vaxtında təhvil almaması və s.) səbəbi ilə 16 nəfər çıxarılıb”.