Azərbaycanın investisiya imkanları Türkiyənin Aralıq dənizi bölgəsində tanıdılıb
İstanbul, 4 fevral, Günel Karatepe, AZƏRTAC
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin rəhbərlik etdiyi heyət Aralıq dənizi bölgəsində Antalya, Burdur və İsparta vilayətlərində, eləcə də Antalyanın Alanya rayonunda ticarət və sənaye palatalarına səfərlər edib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin investisiya imkanlarının daha geniş kütləyə çatdırılması məqsədi daşıyan səfər çərçivəsində keçirilən görüşlərdə palata rəhbərləri və üzv iş adamları ilə bir araya gələrək Azərbaycandakı investisiya imkanları, sahə üzrə potensial və əməkdaşlıq perspektivləri barədə geniş məlumatlar verilib.
Təqdimatlar zamanı Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında, eyni zamanda, azad iqtisadi zonalarda və işğaldan azad edilmiş ərazilərdə investorlar üçün nəzərdə tutulan güzəştlər və azadolmalar haqqında ətraflı məlumat paylaşılıb, digər təşviq mexanizmləri barədə məlumat verilib.
Ticarət nümayəndəsi Tamerlan Tağıyev palatalarda etdiyi çıxışlarında investorları Azərbaycana, xüsusilə işğaldan azad edilmiş Qarabağ bölgəsinə sərmayə qoymağa dəvət edib. O, Azərbaycan dövlətinin sahibkarların daim yanında olduğunu vurğulayaraq, investorları onlara təqdim olunan xüsusi təşviq və dəstək mexanizmlərindən yararlanmağa çağırıb.
Təqdimatlardan sonra iş adamlarının sualları cavablandırılıb və mümkün əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Ticarət Nümayəndəliyi Ofisi Azərbaycan Respublikasını təmsil edərək İqtisadiyyat Nazirliyinin tərkibində, İstanbulda fəaliyyət göstərən rəsmi dövlət qurumudur. Ofis Türkiyədəki iş adamlarına Azərbaycandakı investisiya və ticarət imkanlarını tanıtmaq, investisiya proseslərində dövlət dəstəyi göstərmək və iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə fəaliyyətini davam etdirir.