Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərində yeni mərhələ - ŞƏRH
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı dostluq və strateji əməkdaşlıq münasibətləri yeni, tarixi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan-BƏƏ münasibətləri iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə ardıcıl şəkildə genişlənməkdədir: “BƏƏ Azərbaycanın ən böyük investorlarından biridir. Ölkəmizdə bərpaolunan enerji layihələrində, xüsusən Günəş və külək enerjisi sahəsində Əmirliklərin iştirakı mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ticarət dövriyyəsi hər il artmaqda, qarşılıqlı sərmayələr isə strateji tərəfdaşlığın real göstəricisinə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycan ilə BƏƏ arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də qlobal və regional təhlükəsizlik, davamlı inkişaf və beynəlxalq əməkdaşlıq baxımından strateji xarakter daşıyır”.
Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi yüksəksəviyyəli görüş iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərən tarixi hadisədir. Eyni zamanda, dövlət başçılarının Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləmələri ölkələrimiz arasında hərbi və təhlükəsizlik sahəsində qarşılıqlı etimadın və sıx əməkdaşlığın bariz göstəricisidir.

S.Salmanova onu da qeyd edib ki, dövlət başçısının BƏƏ-yə səfəri zamanı enerji sahəsində əməkdaşlıq çərçivəsində mühüm addımlar atılıb. Xüsusilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı sənədin imzalanması iki ölkə arasındakı iqtisadi tərəfdaşlığın daha da genişlənməsinə xidmət edən strateji addım kimi qiymətləndirilməlidir. Bu razılaşma Azərbaycanın enerji sahəsində beynəlxalq etibarlı tərəfdaş imicini möhkəmləndirir, həmçinin ölkəmizin uzunmüddətli enerji layihələrində yeni investisiya imkanlarının açılmasına şərait yaradır. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığına dair niyyət məktubunun imzalanması ölkələrimiz arasında müdafiə sahəsində münasibətlərin daha da inkişaf etməsinə imkan yaradır.
“Hesab edirəm ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri Azərbaycan–BƏƏ münasibətlərinin yeni, strateji mərhələyə yüksəlməsini simvolizə edir. Səfər siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə və ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə güclü zəmin yaradıb, - deyə deputat əlavə edib.