Salyanda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.