ADU-da “Çin mədəniyyətində atın simvolik təsviri” adlı bayram tədbiri təşkil edilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunda Çin Yaz Bayramı və Ay təqviminə görə “Qırmızı Od Atı” ilinə həsr olunmuş “Çin mədəniyyətində atın simvolik təsviri” adlı bayram tədbiri keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin Yeni ilinin tarixi və ənənələri barədə məlumat verib. O, Çin mədəniyyətində ilahi mənşəli hesab edilən atların xüsusi yer tutduğunu vurğulayaraq, bu heyvanların şərəf, uğur, nəciblik, sədaqət, firavanlıq və ali güc rəmzi olduğunu söyləyib. Qeyd edib ki, çapan at təsvirləri həm də davamlı inkişaf və tərəqqi arzusunu simvolizə edir.
R.Abbasov at obrazının Çin mifologiyasında geniş yer aldığını diqqətə çatdırıb. O, İpək Yolu ilə səyahət edən imperator Mu-vanın səkkiz döyüşkən “səmavi qanadlı atı”, müqəddəs Budda kitablarını Luoyan şəhərinə gətirən “Ağ at”, torpaq və hava elementlərini birləşdirən “Əjdaha atı”, eləcə də “Üç çarlıq” dövrünün məşhur generalları Lü Bu və Cao Caonun “Qırmızı dovşan” və “Yeşmiş kölgə” adlı əfsanəvi atları barədə maraqlı faktlar danışıb.
Tədbirdə çıxış edən çinşünas tələbələr atların Çin tarixindəki hərbi və siyasi rolundan bəhs ediblər. Müzakirələrdə Şan sülaləsi dövründə ilk arabaların, “Döyüşən çarlıqlar” dövründə isə süvari qoşunların yaranması, həmçinin qoşqu və üzəngi sisteminin ixtirasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Tan sülaləsi dövründə atlar türk dövlətləri ilə diplomatik münasibətlərdə ən qiymətli hədiyyələrdən biri hesab edilib.
Sonda qədim və müasir Çin rəssamlarının yaradıcılığında at mövzusuna toxunulub. Xüsusilə Çin xalqının sarsılmaz ruhunu tərənnüm edən və ənənəvi rəngkarlığın populyar mövzularından olan “Səkkiz at” kompozisiyası ətrafında fikir mübadiləsi aparılıb.