Strateji tərəfdaşlığa əsaslan Azərbaycan-BƏƏ əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH
Bakı, 4 fevral, AZƏRTAC
Son illərdə Azərbaycanın Avropa, türk dövlətləri ilə yanaşı, ərəb dünyası ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin bu ölkələrə, həmçinin o ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyi əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin bu ölkəyə işgüzar səfəri oldu. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazimizdə, Füzuli Beynəlxalq Hava Limanında qarşılanması ilə yadda qaldı. Qarabağın tacı, diplomatik mərkəzə çevrilən Şuşa Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinə, sənədlərin imzalanmasına şahidlik etdi. İki ölkə arasında imzalanan sənədlər əlaqələrin gələcək inkişafında yol xəritəsi oldu.
İki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bu baxımdan dövlətimizin başçısının fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri özündə bütün məqamları ehtiva edir. Prezident İlham Əliyev səfər çərçivəsində Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşdü. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulandı, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu. Münasibətlərimizin genişlənməsində hər iki Prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi vurğulandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə imkanların yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir.
“Azərbaycan-BƏƏ əlaqələrinin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. O da məlumdur ki, iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən, dünyanı Bakıya toplayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdir. İki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir”, - deyə deputat bildirib.

O deyib: “Ölkələrimiz arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının BƏƏ-yə işgüzar səfəri zamanı da prezidentlərin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Həmçinin Azərbaycan Müdafiə Nazirliyi ilə BƏƏ Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalandı. Prezidentlərin görüşündə bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklər ifadə edildi”.
Deputat qeyd edib ki, sözügedən səfər çərçivəsində fevralın 3-də Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirildi. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
V.Rəhimzadə vurğulayıb ki, səfər çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü də diqqətdə oldu. Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışladı, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini, hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını vurğuladılar. Görüşdə tərəflər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayaraq etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəldilər.
“Azərbaycan hər zaman sülh, əməkdaşlıq, birlik, təhlükəsizlik çağırışları ilə diqqətdədir. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Ölkəmiz addım-addım tarixi sülh razılaşmasına nail oldu. Ötən ilin iyulunda dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində də Azərbaycan və Ermənistan liderləri Əbu-Dabi şəhərində bir araya gəlmişdilər. Həmin görüş regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə doğru atılmış addım kimi dəyərləndirildi. Görüşün konstruktiv, qarşılıqlı anlaşma mühitində keçməsi bir daha təsdiqlədi ki, hər iki tərəf real nəticələrin əldə edilməsində maraqlıdır. Bu səfərin ardınca dövlətimizin başçısı İlham Əliyevin avqustun 8-də ABŞ-a reallaşdırdığı işgüzar səfər tarixi sülh razılaşması ilə yadda qaldı. Ümumiyyətlə, regionda sülhə, sabitliyə aparan yolun xəritəsinin məhz Azərbaycan tərəfindən tərtib edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin, daim haqqın tərəfində olduğumuzun təqdimatıdır. Azərbaycan hər zaman sülhə hazırdır və bunu sözdə deyil, əməldə təsdiqləyir”, - deyə deputat bildirib.