“Təhsildə sosial iş” xidməti çərçivəsində 429 uşağın dərsə davamiyyəti bərpa edilib
Bakı, 4 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1197 məktəbə səfər edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində 2023-cü ildən həyata keçirilən xidmət çərçivəsində 4755 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb.
Vəziyyəti daha riskli hesab olunan 1909 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 429 uşağın dərsə davamiyyəti bərpa olunub.
Baxımsız, kimsəsiz uşaqlar isə agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də nitq və ünsiyyət çətinliyi olan uşaqlara loqopedik xidmətlər göstərilib.
Həmin xidmət məktəblilərə və onların ailələrinə sosial xidmətlər göstərməklə uşaqların uğurlarının dəstəklənməsini, onların sosial müdafiəsini təmin edir.
Həmçinin aparılan işlər uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasını, bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir.