DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları görüşdən öncə DİM-də ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in fəaliyyətində ictimai iştirakçılıq prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb və müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin bu prosesdə fəal iştirakının əhəmiyyəti barədə danışıb. Məleykə Abbaszadə imtahanların təşkili və idarə olunmasında imtahan rəhbərləri və zal nəzarətçilərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib. O bildirib ki, ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi hələ də davam edir. O, bu layihəyə marağın yüksək olması və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2935 namizədin müraciət etdiyini diqqətə çatdırıb.
DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarəedilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı məlumat verib. Bildirib ki, imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılmasında məqsəd onların rolunun qiymətləndirilməsi, eyni zamanda, bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir.
Adıgözəl Həbibov bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntularının aradan qaldırılması, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəricilərinin nəzərə alındığını qeyd edib.
Şöbə müdiri diqqətə çatdırıb ki, 2025-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 476 nəfərdən ibarət olub. Onlardan 4600 nəfər zal nəzarətçisi sertifikatı almış şəxslərdir (ümumi bazanın 29,7 faizi). Ötən il respublika üzrə imtahanlara 14 min 120 nəzarətçi 56 min 110 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 4 dəfə imtahana cəlb edilib. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 89,2 faizin fəaliyyəti əla, 5,8 faizin yaxşı, 1,9 faizin kafi, 0,5 faizin isə qeyri-kafi qiymətləndirilib.
Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2399 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 8 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Görüşün sonunda müəllimlərə hədiyyə olaraq DİM-in nəşrlərindən ibarət kitablar və fəxri fərmanlar təqdim olunub.