Pakistan ilə Qazaxıstan arasında 30-dan çox sənəd imzalanıb
Bakı, 4 fevral, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistana ikigünlük dövlət səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 30-dan çox memorandum və saziş imzalanıb.
AZƏRTAC Pakistanın “The Express Tribune” nəşrinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin təkbətək və geniş formatda görüşləri zamanı iki ölkənin müxtəlif – siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub. Bundan başqa, liderlər regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məhəmməd Şahbaz Şərif Pakistan ilə Qazaxıstan arasında ticarət dövriyyəsini bir il ərzində 1 milyard dollara çatdırmağa çağırıb. Görüşdən sonra iki ölkə bir çox sektorda 30-dan çox anlaşma memorandumu və saziş imzalayıb.
İmzalama mərasimindən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Baş nazir bildirib ki, hazırkı ticarət səviyyəsi ikitərəfli əlaqələrin gücünü və ya iki ölkənin iqtisadi potensialını əks etdirmir. O əlavə edib: “Təəssüf ki, ticarət həcmimiz 250 milyon dollardır ki, bu da dostluğumuzun gücünü və hər iki ölkənin potensialını əks etdirmir. Gəlin növbəti bir il ərzində ticarət həcmimizi 1 milyard dollara çatdırmağa sadiq qalaq”.
Qazaxıstan Prezidenti Pakistanı Cənubi Asiyada və ondan kənarda etibarlı, vacib tərəfdaş adlandırıb. Tokayev bildirib: “Xalqlarımızı böyük İpək Yolu irsinə əsaslanan əsrlər boyu davam edən əlaqələr, eləcə də dərin mədəni və mənəvi yaxınlıq birləşdirir. Millətlərimiz ortaq dəyərlər, ənənələr və gələcək üçün birgə istəkləri bölüşür”.
Tokayev bildirib ki, Pakistan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın qurulması haqqında tarixi sənəd - Birgə Bəyannamə imzalanıb. O deyib: “Münasibətlərimizi yeni səviyyəyə qaldırmaqla, ikitərəfli və çoxtərəfli gündəliyin bütün spektrində iştirak etmək üçün geniş imkanlar açırıq”.
Qazaxıstan Prezidenti dövlət səfəri çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə keçirilən Biznes Forumda iştirak edib. Onun Pakistan Prezidenti Asif Zərdari ilə görüşündə də ikitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunub.