Norveçdə vəliəhd şahzadənin oğlunun işi üzrə məhkəmə prosesi keçirilir
Stokholm, 4 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Norveçdə vəliəhd şahzadə Mette-Maritin 29 yaşlı oğlu Marius Borq Höybiyə qarşı məhkəmə prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, məhkəmənin təxminən yeddi həftə davam edəcəyi və 18 maddə üzrə irəli sürülmüş 38 ehtimal olunan cinayəti əhatə edəcəyi bildirilir. İttihamlar arasında dörd müxtəlif qadına qarşı törədildiyi iddia olunan zorlama faktları da var.
İlk məhkəmə iclaslarının mərkəzində 2018-ci ildə bir qadına qarşı zorlama ittihamı dayanır. Prosesin ikinci günündə Höybi hadisələrə dair öz mövqeyini təqdim edərək ictimaiyyət qarşısında çıxış etməyin onun üçün son dərəcə çətin olduğunu bildirib və məhkəmə zalında ağlayıb. O, əyləncə məclisləri, spirtli içkilər və narkotiklərlə bağlı həyat tərzindən danışıb, həmçinin mediadan güclü təzyiq hiss etdiyini qeyd edib.
Vəliəhd şahzadənin oğlu Skauqum iqamətgahında keçirilən “afterpati” zamanı baş verənlərin təfərrüatlarını xatırlamadığını iddia edib. Zərərçəkmiş isə Oslo dairə məhkəməsində ifadə verib. O, Höybi ilə gecə klubunda tanış olduğunu və Skauqumdakı “afterpati” zamanı onun tərəfindən zorlandığını bəyan edib. Qadının sözlərinə görə, o, qəfildən huşunu itirib və narkotik maddə verilməsindən şübhələnir.
İttiham tərəfinin əsas sübutu qadına huşsuz vəziyyətdə cinsi zorakılığın göstərildiyi iddia olunan videoyazıdır. Qadın videoda gördüklərini şok və ağır xəyanət kimi qiymətləndirib.
Höybi zorlama ilə bağlı bütün ittihamları rədd edir. Bundan əlavə, ona qarşı cinsi təcavüz, yaxın münasibətlər zamanı fiziki və psixoloji zorakılıq, hədə-qorxu, ağır narkotik cinayətləri, əlaqə qurmağa qadağanın pozulması və təhlükəli avtomobil idarəetməsi ittihamları da irəli sürülüb. O, yalnız son üç maddə üzrə təqsirini etiraf edib.
Vəliəhd şahzadə və onun həyat yoldaşı məhkəmə iclaslarında iştirak etməmək və hökm çıxarılana qədər şərh verməmək barədə qərar qəbul ediblər.