Altmış altı yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Quba, 14 may, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 46 kilometr uzunluğundakı yolun inşası iyun ayında başa çatdırılacaq. Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun 40 kilometrinə artıq asfalt döşənib.
Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində həyata keçirilir. Burada Vəlvələçay çayı üzərində qurulan 3 körpüdən ikisinin inşası başa çatıb. Çayqovuşan adlanan ərazidə tikilən sonuncu körpüdə isə işlərin 60 faizi yekunlaşıb.
Körpülərin tikintisi başa çatdıqdan sonra yolun qalan son 6 kilometrinə də asfalt döşənəcək.
İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir.
Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları tikilir.
Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.