MƏDƏNİYYƏT
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi “Alim” Elmi Assosiasiyasının fəaliyyətinə töhfə verəcək VİDEO
Paris, 2 iyul, AZƏRTAC
Əsasını Parisdəki Mədəniyyət Mərkəzində qoyduğumuz “Alim” Elmi Assosiasiyasının ilk qurultayı onlayn şəkildə həyata keçirildi. COVID-19 pandemiyasına görə gənc assosiasiyamızın qarşıya qoyduğu bir çox layihələri zamanın tələbinə uyğun olan layihələrlə əvəzlədik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının layihə rəhbəri və Paris Universitetində bio-tibbi kimya üzrə magistr dərəcəsində təhsil alan Yusif Əfəndizadə deyib.
“İlk qurultayımızı onlayn şəkildə reallaşdırdıq. Qurultayımızda Azərbaycan və Fransada olan elmi tədqiqatçılarımız, magistr və doktorantura dərəcəsində təhsil alan tələbələrimiz iştirak etdilər. Qurultayda fəaliyyətimizin strukturunu müzakirə etdik, layihələrin həyata keçirilmə mexanizmlərini nəzərdən keçirdik, müzakirələr apardıq”,-deyə Y.Əfəndizadə bildirib.
Qeyd edib ki, "Alim" Elmi Assosiasiyasına layihələrlə bağlı təkliflər verir. Azərbaycan və Fransa müəllim və tələbə heyəti arasında təcrübə mübadiləsi ilə bağlı layihəsi qəbul olunub və icrasına başlanılacaq.
“Alim” Elmi Assosiasiyasının ərsəyə gəlməsində Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzinin böyük rolu oldu. Məhz bu Mədəniyyət Mərkəzində toplaşıb ideyalarımızı, təşəbbüslərimizi səsləndirdik, müzakirə etdik və fikir mübadiləsi apardıq.
Mədəniyyət Mərkəzi mədəniyyətimizin fransızlara tanıdılmasında əsas rol oynayır. İnanırıq ki, “Alim” Elmi Assosiasiyamızın inkişafına və gələcəkdə daha məhsuldar fəaliyyət göstərməsinə də öz töhfəsini verəcək”-deyə Y. Əfəndizadə vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris