REGİONLAR
İsmayıllıda biosmart dayanacaq istifadəyə verilib FOTO VİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Azәrbaycanda ilk dəfə İsmayıllı şəhərinə bir ədəd smart tipli elektron avtobus gətiriləcək ki, günəş və külək enerjisi ilə işləyəcək. Nəqliyyat vasitəsi iki biosmart dayanacaq arasında xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, hazırda İsmayıllı şəhərinin mərkəzindəki parkın yaxınlığında bu tip bir dayanacaq quraşdırılıb, ikincisinin gətirilməsi nəzərdə tutulur. Dayanacaq günәş enerjisi ilә işlәyir, ödənişsiz Wi-Fi, USB enerji portları, tәhlükәsizlik kameraları, dezinfeksiya duşu vә sensorlu dispenseri, müxtəlif içki vә şirniyyatlardan ibarət satış aparatı, habelə 8 oturacaqla təchiz edilib. Dayanacaqlar gecə avtomatik olaraq işıqlanır. Həmçinin, iki smart oturacaq gətirilib ki, onlar da günəş enerjisi ilə işləyir, Wi-Fi ilə təchiz olunub. Eləcə də, 11 ədəd işıq dirəyi quraşdırılır. Dezinfeksiya funksiyalı biooturacaqların da gətirilməsi nəzərdə tutulur.
Rayonun magistral avtomobil yolları üçün nəzərdə tutulan 10 metrdən yüksək işıq dirəkləri isə həm günəş, həm də külək enerjisi ilə işləyəcək. Dayanacaqlar isə sərnişinləri şüşə örtüklə tozdan qoruyacaq.
Rayon xəstəxanasının iç və çöl hissələrindә piyadalar üçün dezinfeksiya funksiyalı biosmart keçidlər də təşkil edilib. Sözügedən bütün smart texnologiyalar Azərbaycan istehsalıdır. Onları istehsal edən zavodun İsmayıllıda tikilməsi, məhsulların bütün ölkəyə yayılması planlaşdırılır.