Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin atdığı partlamamış top mərmisi aşkarlanıbVİDEO
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 20-də saat 09:49-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Dondar Quşçu kəndinə bir ədəd mərminin düşməsi barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik qaydalarını nəzərə alaraq iyulun 22-də həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə əkin sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamamış 122 millimetrlik top mərmisi (OF-56-1) aşkarlanıb. Top mərmisinin partladıcısı (RQM-2) üzərində olduğuna görə iyulun 23-də yerində zərərsizləşdirilib.
Mərminin tapıldığı yerin ətrafında 55 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.