CƏMİYYƏT
Bakıda və Abşeronda 65 mağaza və aptekdən oğurluq edən şəxs saxlanılıbVİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Paytaxtda və Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs Bakı Şəhər Baş Polis İdarəsinin, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat tədbiri zamanı Şəmkir rayon sakini Sərdar Pənahov tutulub. Araşdırma zamanı onun paytaxtda və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib. Sərdar Pənahov ifadəsində isə törətdiyi oğurluqlarının sayının yüzlərlə olduğunu bildirib.
Həmin faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına və ya Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.