CƏMİYYƏT
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyənləşdirilib VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, ona ev şəraitində müalicə təyin olunsa da, həmin şəxs qaydaları pozaraq yaşayış yerini tərk edib.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. T.Məmmədovun mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. O, polis əməkdaşlarının və həkimlərin müşayiəti ilə təcili tibbi yardım avtomobilinə əyləşdirilərək, koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılmaqla ona ciddi xəbərdarlıq edilib. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub.
Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.