165 nömrəli məktəbin şagirdləri Neft-Kimya Prosesləri İnstitutunda olublar
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Xətai rayon 165 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şagirdlər Yusif Məmmədəliyevin institutdakı memorial muzeyi ilə tanış olublar. Texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev şagirdlərə akademik Yusif Məmmədəliyevin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra şagird və müəllimlər institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər.
Görüşdə akademik Vaqif Abbasov elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır.
Sonda şagirdlər institutun laboratoriyaları ilə tanış olublar.