CƏMİYYƏT
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Rusiyanın müvafiq qurumunun göndərdiyi humanitar yardımı qəbul edib VİDEO




Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 24-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonu ərazisindəki dəmir yolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 9 vaqondan ibarət humanitar yardım əsasən tikinti materialları, texniki və məişət avadanlığından ibarətdir.
Qeyd edək ki, dekabrın 24-dək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon və 25 yük avtomobilindən ibarət yardım göndərilib.
Gətirilən yardımın Vətən müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.
Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan Respublikasının ərazisindən çatdırılır.