REGİONLAR
İmişlidə avtomobil oğurlayan şəxsdən heroin götürülüb VİDEO
İmişli, 3 may, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçıran şəxsdən heroin də aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Mingəçevir şəhər ərazisindən vətəndaşa məxsus avtomobilin qaçırılması barədə İmişli RPŞ-yə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avtomobilin yeri müəyyən edilərək saxlanılıb. Həmin şəxs saxlanıldıqdan sonra tabesizlik göstərərək hadisə yerindən qaçmaq istəyərkən İmişli RPŞ-nin Dövlət Yol Polis Bölməsinə məxsus xidməti avtomobili vuraraq zədələyib.
Araşdırmalarla qeyd edilən cinayət əməllərini törədən şəxsin Mingəçevir şəhər sakini, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış Oruc Ağaməmmədov olduğu müəyyən edilib. Onun üzərinə və avtomobilə baxış keçirilən zaman bir bükümdə, bir ampulada və bir polietilen torbada 30 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.