Balakəndə narkotik vasitələrin emal edildiyi laboratoriya aşkarlanıb VİDEO
Bakı, 31 may, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Tülü kənd sakini Elvin Abulovun fərdi evinə baxış keçirilib.
Baxış nəticəsində evin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən 35 çətənə bitkisi aşkarlanıb. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə E.Abulovun əmisinə məxsus, ancaq onun nəzarətində olan yardımçı tikilinin zirzəmisində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş, istilikvermə cihazları, işıq sistemi və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriyanın olduğu müəyyənləşdirilib. Həmin laboratoriyadan, eləcə də yardımçı tikilidən və onun həyətyanı sahəsindən ümumilikdə 53 ədəd narkotik tərkibli bitki və kisələrdə isə 14 kiloqrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb.
E.Abulov şübhəli şəxs qismində tutularaq götürülmüş maddi sübutlarla birlikdə istintaqa təqdim olunub. O, ifadəsində uzun müddət narkotik istifadəçisi olduğunu və çətənə kollarını mart ayında becərərək xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.