17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilmişdir
Bakı, 17 may (AZƏRTAC). 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür.
Bu münasibətlə keçirilən toplantıda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov “İKT ilə kənd yerlərində daha yaxşı həyat ” şüarı ilə bütün dünyada qeyd olunan bu günün əhəmiyyətini qeyd etmişdir. İ.Məmmədov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf istiqamətlərindən danışmışdır. Bildirmişdir ki, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirmiş tədbirlər və ardıcıl aparılan dövlət siyasəti nəticəsində son illər İKT və poçt sektoru sürətlə inkişaf etmişdir. Respublikanın şəhər və rayonlarının telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdır. MDB-yə üzv dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda “Yeni Nəsil Şəbəkələr” (NGN) texnologiyalarının tətbiqinə başlanılmışdır. Ucqar ərazilərdə yerləşən və coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlığının quraşdırılması vasitəsilə təmin edilmişdir.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və digər çıxış edənlər Azərbaycan təhsilində İKT-in tətbiqi istiqamətində sistemli iş aparıldığını diqqətə çatdırmış, bu sahədə həyata keçirilən layihələr barədə məlumat vermişlər.
Toplantıda BMT-nin baş katibi Pan Gi Munun Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü ilə bağlı müraciəti səsləndirilmiş, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin video-müraciəti nümayiş etdirilmişdir.
Tədbirdə, həmçinin ictnews.az saytının və “Azərbaycanda informatikanın təşəkkülü” kitabının təqdimatı olmuşdur.
Sonda ali məktəb tələbələri arasında informatika üzrə olimpiadanın qalibləri mükafatlandırılmışlar.
######
