ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal
Bakı, 9 sentyabr, AZƏRTAC
ABŞ ilə İran bir aylıq nisbi sakitlikdən sonra qarşılıqlı hərbi zərbələr paketini yeniləyib. Fevralın 28-dən bu yana fasiələrlə davam edən silahlı qarşıdurmada növbəti mərhələyə səbəb olan motiv Hörmüz boğazındakı minalarla əlaqədardır.
Silahlı qarşıdurma necə başladı?
CENTCOM komandanı admiral Bred Kuper avqustun 27-də bildirdi ki, ABŞ İranın Hörmüz boğazındakı beynəlxalq dəniz yollarına döşədiyi minaları uğurla təmizləyib. İran mediası ABŞ qüvvələrinin boğazı minalardan təmizləməsi ilə bağlı CENTCOM-un iddialarını dəfələrlə təkzib edib.
Avqustun 30-da CENTCOM Hörmüz boğazında minalama hazırlığı görən İran qüvvələrinə qarşı əməliyyat keçirdi. ABŞ İranın Larak adasında iki raket qurğusuna zərbə endirdiyini açıqladı.
ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun yazdığına görə, hadisə İranın bu müharibədə sahilə çatdırılma üsulu ilə mina yerləşdirmək cəhdinin ilk müşahidəsidir.
Hələ 2025-ci ilin yanvar ayında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) keçirilən hərbi təlim zamanı “Fəcr 5” raketlərindən dənizə mobil mina atan buraxılış qurğusunu nümayiş etdirib. “Fəcr 5” raketlərinin mənzili təxminən 75 kilometrdir.
ABŞ-nin Larak adasındakı əməliyyatlarından sonra SEPAH Kəşfiyyat Təşkilatı İranın asimmetrik hərbi potensialının tam hazır vəziyyətdə qorunduğunu bəyan edib. Bu barədə İran Silahlı Qüvvələrinin media orqanı olan “Defa Press” hadisədən sonra dərc etdiyi yazıda bildirib.
Eyni zamanda, Tehran rəhbərliyi ABŞ-ni kəşfiyyat mexanizmlərindən və xüsusi texnoloji vasitələrdən istifadə edərək ölkə daxilində sosial narazılıq və kütləvi etirazlar dalğası yaratmağa cəhddə ittiham edib.
Bundan başqa SEPAH Hərbi Dəniz Qüvvələri avqustun 31-də Hörmüz boğazında xüsusi əməliyyat keçirib. İran tərəfi bildirib ki, qeyri-qanuni marşrutla hərəkət edən bir supertankerin qarşısı iki dəniz minası vasitəsilə kəsilib. ABŞ-nin Larak adasına hücumundan sonra İran tərəfi başqa cavab zərbələri də həyata keçirib. İran ABŞ-nin regiondakı aktivlərinə - İordaniyadakı “Kral Hüseyn” və “Müvəffəq Salti” hava bazalarına ballistik raketlər və dronlar atmaqla cavab verib.
İran qüvvələri, həmçinin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Əl-Minhad” hava bazasında ABŞ qoşunlarına onlarla dron atdığını və birdən çox birbaşa zərbə aldığını bildirib. BƏƏ Müdafiə Nazirliyi “Əl-Minhad” Hava Bazasının hədəfə alındığı barədə məlumatları əsassız adlandıraraq təkzib edib və pilotsuz təyyarəni vurduğunu təsdiqləyib. Tehranın digər hədəfi isə Küveytdəki ABŞ obyektləri olub.
Pentaqon və CENTCOM rəsmiləri dərhal bəyanat yayaraq, ABŞ obyektlərində heç bir ciddi dağıntı və ya şəxsi heyət arasında tələfat qeydə alınmadığını bildiriblər.
Toy şənliyində partlayış
Budəfəki eskalasiyada mülki insan itkisi baxımından ən çox müzakirə olunan məsələ İranın cənubundakı toy şənliyi keçirilən məkanda baş verən partlayış idi. Hadisə sentyabrın 1-də olub.
İran Qızıl Aypara Cəmiyyəti Sirikdəki bir evdə keçirilən mərasimə raketdən qəlpələrin düşdüyünü bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bunu müharibə cinayəti olduğunu bildirib. İran bunu ABŞ-nin zərbəsi kimi ictimailəşdirsə də, ABŞ məsələyə şübhə ilə baxır.
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens hücumla bağlı xəbərlərə son dərəcə şübhə ilə yanaşdığını söyləyib, lakin Birləşmiş Ştatların araşdırma aparacağını təsdiqləyib.
“Reuters” silah mütəxəssislərinin təhlilinə əsasən, hadisənin ABŞ sursatının birbaşa zərbəsindən qaynaqlandığını bildirir.
Qeyd edək ki, CENTCOM sentyabrın 1-də İranın cənubunda SEPAH hava hücumundan müdafiə obyektlərini, radar sistemlərini və rabitə qurğularını hədəf alaraq çoxsaylı hücumlar həyata keçirdiyini açıqlamışdı. Bu hücum İranın Körfəz ətrafındakı ABŞ hərbi obyektlərinə əvvəlki hücumlarına cavab olaraq həyata keçirilmişdi.
Sonrakı gedişat
Sentyabrın 5-də SEPAH ABŞ dəniz qüvvələrinə hücuma cəhd edib. Məqsəd ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasını davam etdirməyi zəiflətməyə hesablanıb.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İran hücumda yeni bir esmines raketi sınaqdan keçirildiyini iddia edib. CENTCOM İranın hücumlarına iki İran neft tankerini sıradan çıxarmaqla və üçüncüsünü məhv etməklə cavab verib. Bundan sonra İran altı kommersiya gəmisinə hücum etdiyini bildirib.
ABŞ-İran gərginliyindəki hərbi sfera 8-9 sentyabr tarixlərində daha da sərtləşib. ABŞ Prezidenti Donald Tramp sentyabrın 8-də bildirib ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək və Amerikanın hərbi əməliyyatları Tehranın nüvə silahı əldə etmək şansını aradan qaldırıb.
Tramp, həmçinin İranın böyük bir şəkildə cəzalandırıldığını söyləyərək Tehranın zəifləməsində ABŞ-nin hərbi kampaniyası və dəniz blokadasının roluna toxunub.
ABŞ Dövlət katibi Marko Rubio Kolumbiyaya səfəri zamanı jurnalistlərə bildirib: “İran ABŞ hərbi gəmilərini vurmağa davam edir və onlar hər dəfə bunu etdikdə və ya etməyə çalışdıqda tankerlərini itirəcəklər”.
CENTCOM-un verdiyi məlumata görə, ABŞ qüvvələri sentyabrın 8-də Tehranın ABŞ hərbi gəmisini dəfə hədəf almasına cavab olaraq 5 İran tankerini vuraraq onlardan birini batırıb. İran, həmçinin İordaniyadakı “Əl-Əzraq” bazasında yerləşən ABŞ qüvvələrinə raket zərbələri endirib.
SEPAH isə İranın 5 tankerinə hücuma cavab olaraq Körfəzdə ABŞ-yə məxsus iki gəmiyə və səkkiz neft tankerinə zərbə endirdiyini bildirib. Çərşənbə axşamı günü husilər Səudiyyə Ərəbistanının bir neçə şəhərinə hücum edərək regional sabitliyi daha da sarsıdıblar. Səudiyyə Ərəbistanı hakimiyyətinin məlumatına görə Husilərin hücumları nəticəsində 73 nəfər yaralanıb.
İqtisadi qərarların təsirləri və nəticələr
ABŞ Prezidenti Donald Tramp avqustun 19-da “Truth” sosial şəbəkəsində İrana qarşı ən genişmiqyaslı iqtisadi təzyiq əməliyyatını elan edib. Bu, “İqtisadi kənarlaşdırma əməliyyatı” adlanır.
Avqustun 24-də isə maliyyə naziri Skott Bessent İranın əsas dəstəkləyicilərinə qarşı “iqtisadi D günü”nün başladığını bəyan etdi. O, Tehranın sanksiya pozuntu sxemlərinə təsir göstərən qurumları ABŞ dolları sistemindən çıxarılacağı ilə hədələdi.
Bessent, həmçinin İranın dövlət bankı olan “Bank Melli”nin hər bir xarici filialının bağlanmasına çağırıb. Bu, BƏƏ-nin İranla bütün maliyyə və ticarət əməliyyatlarını dayandırması ilə bağlı qərarını tamamlayan iqtisadi təcrid kampaniyasıdır. Lakin İranla bağlı qərarların əks-effekt verməsi də diqqət çəkir.
“Reuters” toqquşmaların iqtisadi müstəvidəki təsirlərinə fokuslanır. Agentlik bildirir ki, sentyabrın 9-da “Brent” markalı xam neftin qiyməti bazarda 100 dollara yaxınlaşdığı üçün neft qiymətləri yüksəlişlə davam edir.
Husilərin aparıcı enerji istehsalçısı Səudiyyə Ərəbistanına son hücumları təchizatla bağlı narahatlıqları daha da artırır.
BBC də Asiya ticarətində neftin qiymətlərinin yüksəlməsinə diqqət çəkib.
CNN yazır ki, İran müharibəsi amerikalıları münaqişə uzandıqca artmaqda davam edən böyük bir enerji xərci ilə üzləşdirib.
Braun Universitetinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr üzrə Uotson Məktəbinin dərc etdiyi hesabata görə, ABŞ istehlakçıları fevral ayının sonunda müharibə başlayandan bəri yalnız benzin və dizel yanacağına əlavə 100,9 milyard dollar ödəyirlər. Bu, ABŞ-də ailə başına 770 dollar təşkil edir - yanacaq qiymətləri artdıqca bu rəqəmin də artacağı ehtimal olunur.
“The New York Times” avqustun sonundan başlayan bu dalğanı iki ölkə arasındakı 6 aylıq müharibə tarixinin daha təhlükəli eskalasiyası kimi xarakterizə edib.
“The Economist” ABŞ-nin Hörmüz boğazında hərbi və iqtisadi üstünlük əldə etdiyini və İranın iki aydır neft ixrac edə bilmədiyini qeyd edir. Dəniz blokadası səbəbindən yaranan nəqliyyat problemi Türkiyə və Səudiyyə Ərəbistanı üzərindən keçən alternativ quru ticarət yollarını aktivləşdirib.
Müharibənin bu fazasını bəzi müzakirələrdə “Tanker Müharibəsi” termini ilə izah edirlər. Bu termin “Əl-Cəzirə”nin analitik məqaləsində və “Daily News Egypt”in siyasi icmalında rəsmi başlıq və ya əsas ifadə kimi işlədilib.
Ancaq ən çox ziyan İrana dəyib. İranın valyutası avqustun sonlarında dollar başına 2 milyon rialdan çox tarixi minimum səviyyəyə düşüb. İyul ayında inflyasiya 66 faizə çatıb, ərzaq qiymətləri 130 faizdən çox artıb. İran hökuməti əlavə olaraq sentyabrın 8-də üçüncü dərəcəli benzin qiymətləri üzrə tarifləri ikiqat artırıb.
İran rəsmiləri iqtisadi çətinlikləri etiraf edir, lakin prosesi “müqavimət iqtisadiyyatı” doktrinası ilə xarakterizə edirlər.
Avqustun 30-dan başlayaraq davam edən hərbi toqquşma regional təhlükəsizlik risklərini artırır. Bununla belə, hər iki tərəfin tammiqyaslı döyüşlərə qayıtmaqda maraqlı olmadığı görünür.
Müəllif – Aqşin Kərimov