Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir
Bakı, 9 sentyabr, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən XIV Beynəlxalq Altay topluluqları simpoziumu türk xalqlarının tarixini, mədəniyyətini və dilini öyrənən hər kəs üçün çox vacibdir. Çünki bütün türk xalqlarının inkişafında ortaq cəhətlər çoxdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rusiyanın Tomsk Dövlət Universitetinin professoru Vladislav Kokoulin bildirib. O qeyd edib ki, 100 il əvvəl əlifba islahatı prosesi başladı və bu proses bu gün də davam edir. Hazırda məsələn, Qazaxıstanda latın əlifbasına keçidlə bağlı müzakirələr aparılır. Azərbaycan, Türkmənistan və Özbəkistan artıq latın qrafikasına keçiblər. Lakin bu ölkələrdə də hansı əlifba modelinin daha məqsədəuyğun olması ilə bağlı müzakirələr davam edir. Bu baxımdan, dil məsələləri ilə bağlı müzakirələr çox vacibdir. Eyni zamanda, tarix və mədəniyyət sahəsində fikir mübadiləsi də mühüm əhəmiyyət daşıyır. Çünki qədim dövrlərdən bu günədək türk xalqlarının mədəniyyətində çoxsaylı ortaq məqamlar qorunub saxlanılıb.
“Türk xalqları arasında müxtəlif dinlərə mənsub insanlar var. Müsəlmanlar, xristianlar, buddistlər və digər inanclara sahib türk xalqları mövcuddur. Lakin hansı türk xalqının nümayəndəsi ilə ünsiyyət qurmağınızdan asılı olmayaraq, onun dilində danışarkən müəyyən bir doğmalıq hiss edirsiniz. Düşünürsünüz ki, bəli, bunlar türklərdir, biz qardaşıq və aramızda ortaq dəyərlər var. Türk dillərindən birində nitqi eşidəndə də bu doğmalıq hiss olunur. Deməli, qədim dövrlərdə, nə vaxtsa biz bir olmuşuq, sonradan isə hər bir xalq öz yolu ilə inkişaf etməyə başlayıb. Bu gün belə konfranslar həmin ortaq tarixi, mədəni əlaqələrin daha dərindən öyrənilməsi baxımından çox əhəmiyyətlidir”, - deyə V.Kokoulin bildirib.