BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə sentyabrın 7-dən 13-dək “Azərbaycanşünaslıq” üzrə beynəlxalq yay məktəbi keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq proqramda İtaliya, Polşa, Bolqarıstan, Qazaxıstan və Özbəkistanı təmsil edən 17 müəllim, tələbə və şagird iştirak edir.
Yay məktəbinin əsas məqsədi iştirakçıların Azərbaycanın dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, geosiyasi mövqeyi və müasir inkişaf perspektivləri barədə biliklərini genişləndirməkdir.
Proqramın ilk günlərində iştirakçılara BSU-nun fəaliyyəti, təhsil imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə təqdimat edilib. Daha sonra xarici iştirakçılar praktiki Azərbaycan dili dərslərinə qatılıblar.
Yay məktəbi çərçivəsində BSU-nun LingAI Lab dil laboratoriyasında da interaktiv dərslər təşkil olunub. İştirakçılar laboratoriyanın imkanları ilə tanış olub, müasir texnologiyaların dil öyrənmə prosesində tətbiqini əyani şəkildə müşahidə ediblər. Virtual reallıq eynəklərindən istifadə olunmaqla Azərbaycan dili üzrə interaktiv dərs keçirilib.
Proqram çərçivəsində Azərbaycan tarixi və mədəniyyəti, İpək Yolu, ölkənin geosiyasi mövqeyi və beynəlxalq münasibətlərdə rolu, Qarabağ Zəfəri və sülh prosesi, Zəngəzur dəhlizinin əhəmiyyəti, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti mövzularında mühazirələr təşkil edilib.
Yay məktəbinin mədəni proqramı çərçivəsində iştirakçılar Şəhidlər xiyabanını, Milli Azərbaycan Tarix Muzeyini və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Səfərlər zamanı xarici qonaqlar Azərbaycanın tarixi və milli-mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Beynəlxalq yay məktəbi iştirakçılar üçün “Azərbaycanşünaslıq” üzrə biliklərin artırılması ilə yanaşı, mədəniyyətlərarası əlaqələrin inkişafına, yeni dostluqların qurulmasına və Azərbaycan haqqında dolğun təəssüratın formalaşmasına imkan yaradır.