Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib VİDEO

Gəncə, 31 yanvar, AZƏRTAC

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

Müxbir: Cənab Prezident, öncə suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk. Cənab Prezident, dəfələrlə Gəncə şəhərində olmusunuz, şəhərdə xeyli işlər görülüb. Bu işlər barədə fikirlərinizi bilmək istərdik.

Prezident İlham Əliyev: Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam.

Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır.

Qazlaşdırma layihəsi tam icra edilibdir. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Mənə verilən son məlumata görə, hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir. Əlbəttə, əlavə tapşırıqlar veriləcək ki, bu layihənin icrası sürətləndirilsin, Gəncə şəhərinin bu problemi də öz həllini tapsın.

Avtomobil yollarının çəkilişi ilə bağlı deyə bilərəm ki, indi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır.

Bildiyiniz kimi, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksəksürətli qatarlar işləyir. Bu, əlbəttə ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Həm avtomobil yolu ilə rahat gəlmək olur, həm də hava məkanı qonaqlar üçün, Azərbaycan vətəndaşları üçün indi tam müasir səviyyəyə uyğundur. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl mənim təşəbbüsümlə yenidən qurulmuşdur.

Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Təhsillə bağlı. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Mən hər ikisinin açılışında iştirak etmişəm və tədris korpusu yenidən qurulub. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi, əlbəttə, çox böyük əhəmiyyətə malik idi.

Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

Bir də ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir. Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır.

Əlbəttə ki, şəhərin əhalisi artır. Əhalinin bu artımına və müasir tələblərə uyğunlaşmaq üçün biz, əlbəttə ki, əlavə addımlar atırıq və atacağıq. Eyni zamanda, hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Əlbəttə ki, Gəncənin də burada xüsusi rolu olacaqdır. Bir sözlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. Bu gün də belədir, sabah da belə olacaq.

- Cənab Prezident, bu gün də bir neçə mühüm obyektin açılışını etdiniz. Bu açılışlar nəyi göstərir? Bu açılışlar barədə nələri deyə bilərsiniz?

- Əslində, bu açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də, onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur. Əgər mənim təkcə bugünkü proqramıma nəzər salsaq, görərik ki, bir çox önəmli obyektin açılışı oldu, təməlqoyma mərasimi oldu. Onların içində, əlbəttə ki, “ASAN xidmət” Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm. Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. Əlbəttə ki, “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını “ASAN” qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə mənim göstərişimlə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək.

Eyni zamanda, bu gün Gəncə Dram Teatrının açılışı oldu. Təəssüf edirəm ki, pandemiyaya görə teatrın truppası ilə görüşə bilmədim. Ancaq yadımdadır ki, mən bir neçə il bundan əvvəl Gəncədə olarkən teatrın truppasının nümayəndələri şəhərdə dram teatrının tikilməsi ilə bağlı mənə müraciət etmişdilər. Mən də onlara söz vermişdim ki, bu müraciəti nəzərə alacağam. Həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl, möhtəşəm Dram Teatrı açıldı. Yenə də deyirəm, ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir. Neçə ki, bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Baxın, bu Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına nə qədər töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb.

Bu gün, eyni zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim təşəbbüsümlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni, bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir. Onu da bildirməliyəm ki, hələ mən Prezident olmadığım dövrdə, Milli Olimpiya Komitəsinin prezidenti kimi Gəncədə Olimpiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış etmişdim və o idman qurğusu o vaxt inşa olunub. Ancaq illər keçdikcə, əlbəttə ki, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul olmalıdır. Yəni, bu obyektlərin açılması və təməlinin qoyulması, əlbəttə ki, şəhərə olan qayğının təzahürüdür.

Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Buna da çox böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Bakıda bu yaxınlarda lokomotiv deposu açılmışdır, ikinci depo isə Gəncədə açıldı. Görün, bugünkü proqramın nə qədər böyük əhatə dairəsi var. Bütün bu açılışlar və təməlqoyma mərasimləri göstərir ki, ölkəmizin hər bir yerində inkişaf getməlidir, davam etməlidir, biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik, yalnız irəliyə getməliyik və bütün gücümüzü səfərbər edib insanlar üçün daha yaxşı həyat şəraiti yaratmalıyıq.

- Cənab Prezident, bu gün Siz, eyni zamanda, Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoydunuz. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir.

Ermənistan isə döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək, tamamilə biabır olaraq, görün, hansı çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi. Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik.

Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək. Bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.

- Cənab Prezident, bildiyimiz kimi, bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımı dayandırıldı, aradan qaldırıldı. Bu məsələni Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi dəyərləndirmək olarmı? Bu barədə də fikirlərinizi bilmək istərdik?

- Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Çünki Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib.

Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir.

- Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırdığınız üçün Sizə təşəkkür edirik, minnətdarıq.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib VİDEO

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq