MƏDƏNİYYƏT
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub
Bakı, 2 iyun, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd edilir. Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissəsidir. Bu səbəbdən Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət verilir.
Bu il Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Azərxalça” ASC, “Kapital Bank” ASC, “Qırmızı ürəklər” (Red Hearts) Fondu və Mcdonalds-ın birgə tərəfdaşlığı ilə “Hər şey mümkündür” layihəsinin həyata keçirilməsində iştirak edib. Layihə çərçivəsində uşaqlar üçün təşkil olunan ustad dərsləri “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən nümayiş salonunda keçirilib.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış olub, toxuma prosesində iştirak edib və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını öz təxəyyüllərinə uyğun boyayıblar.
Həyata keçirilən bu layihə daun sindromlu uşaqların sosial reabilitasiyasına töhfə verir. Daun sindromlu uşaqların bacarıq və iradələrinin nümayiş olunması üçün nəzərdə tutulan layihənin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyəti çox mühümdür. Layihə çərçivəsində benefesiarlara müxtəlif istiqamətlərdə master-klaslar (qurama, modellik, inklüziv rəqs, rəsm və gil sənəti ilə bağlı) həyata keçirilib. Məqsəd bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin göstərilməsidir. Gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaq layihənin əsas komponentlərindən biridir.
Bu dəfə xalça dünyasına səyahət edən daun sindiromlu uşaqlarda xalça toxumaq, ornamentləri boyamaq və rəngli saplarla oynamağın, xalçaların sirli-sehrli rənglərinin də əslində çox yaxşı reabilitasiya üsulu olduğunu vurğulamaq yerinə düşər. Xüsusilə pandemiya dönəmində bir çox reabilitasiya mərkəzlərinin fəaliyyətinin dayandırılması ilə uzun müddət evdə qalan uşaqlar üçün təşkil olunan tədbir çox faydalı olmaqla yanaşı, maraqla qarşılanıb.
Dünyada bütün uşaqların qayğıya və diqqətə ehtiyacı var. Lakin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ilin hər günü maraqlanmaq vacibdir, onlar planlı və peşəkar şəkildə köməyə ehtiyac duyurlar. Daun sindromlu uşaqlar xüsusi bir təlimlə normal fərd kimi cəmiyyətə qatılıb peşə sahibi ola bilər
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində “Azərxalça” ASC bu tədbirləri il ərzində davam etməyi planlaşdırır.