Prezident İlham Əliyev: Bizim “yaşıl enerji” strategiyamız planlamanın yekun mərhələsindədir VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında bildirib.
Azərbaycanda elektrik enerjisi xətlərinin tamamilə müasirləşdirildiyini, yeni elektrik stansiyalarının tikildiyini diqqətə çatdıran dövlətimizin başçısı buna misal olaraq, Bakının Qobu rayonunda təxminən 400 meqavat gücündə yeni elektrik stansiyasının tezliklə açılacağını qeyd edib. Həmçinin bildirib ki, ötən ay Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdirilən 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulub.
“Bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Məsələn, mənim indicə qeyd etdiyim elektrik stansiyası - külək elektrik stansiyası ilə biz 200 və ya 300 milyon kubmetr qaza qənaət edəcəyik. Bu, yaxşı göstəricidir və istehlakı böyük olmayan ölkələr üçün ciddi dəyişiklik ola bilər. Beləliklə, bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir”, - deyə Prezident vurğulayıb.