2018-ci ildən dövlət istiqrazları bazarı 9 dəfə artıb

Bakı, 23 may, AZƏRTAC
Dövlət qiymətli kağızlar bazarının sıçrayışlı artımı 2018-ci ilə təsadüf edir. 2018-ci ildən bu günədək dövlət istiqrazları bazarı 9 dəfə artaraq 9 milyard manata çatıb. Bu, təkrar bazarın və növbəti alətlərin də inkişafına təkan verib.
AZƏRTAC xəbər verir ki, bunu Maliyyə Nazirliyinin yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, qeyd olunan dövrdə təkrar bazar 5 dəfə, repo əməliyyatlarının həcmi təxminən 60 dəfə artıb.
“Artıq fiziki şəxslər arasında bir çox xarici vətəndaşların adlarına rast gəlmək olar. Bu, bazarın dərinləşməsi, genişlənməsinin bir göstəricisidir. Məhz investisiya şirkətinin sayəsində investorlar qiymətli kağızlar bazarlarının emitentləri arasında əlaqələr qurur, bazar iştirakçılarına peşəkar məsləhət və vasitəçilik xidmətləri göstərir. İnvestisiya şirkətləri həm yeni investorların maarifləndirilməsində, həm də mövcud investorların düzgün qərarlar verməsində mühüm rol oynayır. Onların fəaliyyəti nəticəsində daxili maliyyə bazarlarında ticarət olunan investisiya alətlərinə, o cümlədən bizim emissiya etdiyimiz dövlət istiqrazlarına maraq artır, kapital bazarının institusional əsasda inkişafı sürətlənir. Bu isə uzunmüddətli perspektivdə maliyyə sisteminin dayanıqlığını təmin edən amillərdən biridir. İlin əvvəlindən Maliyyə Nazirliyi büdcə qalıqlarının banklarda sərbəst depozit kimi yerləşdirilməsi üçün hərrac keçirib. Bu addım maliyyə bazarında likvidliyin artırılmasına öz töhfəsini verəcək. Maliyyə Nazirliyi dövlət istiqrazları haqqında məlumatları öz rəsmi saytında müvafiq nəşrlərlə dərc edir ki, investorlar bazara daxil olarkən daha düzgün qərar verə bilsin”.