20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “20 Yanvar - qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov 20 Yanvarla bağlı keçirilən silsilə tədbirlərin tələbələrdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rolu olduğunu vurğulayıb. Universitetin beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahin Sərdarlı “Qanlı Yanvar faciəsinin başlıca səbəbləri” mövzusunda çıxış edərək qanlı faciənin başvermə səbəbləri və gerçəkliklər barədə ətraflı məlumat verib. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Güllü Səfərova isə “Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Qanlı Yanvar faciəsinə münasibəti” mövzusunda məruzə ilə çıxış edib. O, faciənin ertəsi günü ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaltdığını, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pislədiyini, faciənin təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdiyini qeyd edib.
Tədbirdə filologiya və jurnalistika fakültəsinin tələbəsi Elnarə Ağaməmmədova 20 Yanvarla bağlı yazdığı şeirini, tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Bədiyyə Sadıqova isə “Bayraq” şeirini səsləndiriblər.
ADU-nun tələbəsi olmuş şəhid Ülvi Bünyadzadənin bacısı, professor Könül Bünyadzadə 20 Yanvar gecəsi sovet imperiyasının öz taleyini həll etmək istəyən Azərbaycan xalqının mübarizə əzmini sındırmaq istədiyini bildirib. K.Bünyadzadənin sözlərinə görə, sovet hakimiyyəti həmin gecə öz vətəndaşı olan günahsız insanların üzərinə ağır hərbi texnika yeridib və qadın, uşaq, yaşlı demədən qarşısına çıxan hər kəsi məhv edib.
Sonda çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla hər hansı bir hadisəyə adekvat qiymət vermək üçün onun kontekstini düzgün bilməyin vacib olduğunu vurğulayıb. O əlavə edib ki, bu mənada 20 Yanvar faciəsinin də siyasi, iqtisadi, mənəvi, ideoloji səbəbləri var və bu səbəblər SSRİ deyilən böyük və güclü dövlətin qısa zaman ərzində yox olub getməsi ilə nəticələndi.
Rektor 20 Yanvar hadisələrini qəhrəmanlıq aktı kimi qiymətləndirib. Universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin də həmin hadisələr zamanı şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran akademik onun timsalında bütün şəhidlərimizə rəhmət diləyib.