20 Yanvar Azərbaycan xalqının azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur
Oğuz, 18 yanvar (AZƏRTAC). Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 24-cü ildönümü Oğuz rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, rayonun ümumtəhsil məktəblərində Qanlı Yanvara həsr olunmuş tədbirlərə yanvarın 10-dan başlanılmışdır. Tədbirlər planına uyğun olaraq məktəblərdə 20 Yanvara həsr olunmuş xüsusi bülletenlər buraxılmış, sərgi və guşələr yaradılmış, elmi-praktik konfranslar, görüşlər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilmişdir. Yanvarın 17-də rayonun bütün ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir. Bu dərslərdə qanlı Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər və faciənin acı nəticələrindən bəhs edilmişdir.
Şəhərdəki 3 nömrəli tam orta məktəbdə rayon ictimaiyyəti nümayəndələrinin, məktəb kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlığı tarixində şanlı bir səhifə olduğunu xüsusi vurğulamışlar.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən “20 Yanvar-qan yaddaşımızdır” mövzusunda “dəyirmi masa”da faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ulu Öndərin xidmətləri bir daha xatırlanmış, hazırda Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur.
Rayonda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər davam edir.