20 Yanvar Azərbaycan xalqının öz istiqlaliyyəti uğrunda mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdi
Bakı, 20 yanvar, AZƏRTAC
İyirmi Yanvar Azərbaycan xalqının öz istiqlaliyyəti uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Bu mübarizə nəhəng imperiyanın süqutuna yol açdı.
Bunu AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov bildirib. O deyib ki, Azərbaycan xalqı keçmiş SSRİ-yə qarşı ilk milli azadlıq hərəkatına başlayan xalq olaraq mübarizədən geri çəkilmədi. Təbii ki, müstəqillik mübarizəmiz itkisiz olmadı. Həmin qanlı gecədə yüzlərlə gənc əliyalın tanklar qarşısına çıxdı. 20 Yanvar faciəsi bizə dərin bir hüzn versə də, eyni zamanda, bunu qəhrəmanlıq hadisəsi olaraq qürurla anmalıyıq.
Əliheydər Zülfüqarov Azərbaycanın müstəqilliyini bərpa etməsinin şəhidlərimizin qanının yerdə qalmadığını təsdiq etdi. Ümummilli lider Heydər Əliyev bu qəhrəmanlıq tarixinə siyasi və hüquqi qiymət verdi. Bu gün hər bir azərbaycanlı müstəqillik uğrunda həyatlarını itirmiş şəhidlərin ruhu qarşısında baş əyir. O, hadisənin canlı şahidləri qəhrəmanlıq dastanını yeni nəslimizə çatdırırlar. Gələcək nəsil də bu qəhrəmanlıq tarixinin təbliği işini davam etdirəcək.