QAN YADDAŞI
20 YANVAR AZƏRBAYCAN XALQININ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Milli QHT Forumu ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əlaqələndirmə Mərkəzinin (ATXƏM) birgə təşkil etdiyi “20 yanvar - 20 il” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyninin təklifi ilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmış, tanınmış fotoqraf Oqtay Məmmədovun 20 Yanvar faciəsini əks etdirən fotoları nümayiş olunmuşdur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev ötən əsrin 80-ci illərinin sonunda baş verən hadisələri xatırlatmış, bildirmişdir ki, 20 Yanvar faciəsi ali məktəblərdə tədris olunacaq qədər əhəmiyyətli mövzudur. Faciənin başvermə səbəblərindən danışan natiq, onun SSRİ-ni dağıtmaq məqsədi ilə düşünüldüyünü və M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi tərəfindən türk-müsəlman xalqlarını qorxutmaq, Sovet İttifaqının tərkibinə daxil olan xalqları qarşı-qarşıya qoymaq üçün həyata keçirildiyini vurğulamışdır.
Həm 20 Yanvar ərəfəsində, həm də ondan sonra baş verən Almatı, Fərqanə, Tbilisi və Vilnüs hadisələrinin bu fikri təsdiq etdiyini qeyd edən Q.Əliyev bildirmişdir ki, əgər ümummilli liderimiz Heydər Əliyev həmin vaxt hakimiyyətdə olsa idi bu faciə baş verməzdi. Məhz ulu öndərin baş verən faciəyə görə atdığı addımlar, Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra onun təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi təsdiq edir ki, tarixi məqamlarda rəhbəri olmayan xalq faciələrlə qarşılaşmağa məhkumdur. Faciənin əsas ibrət dərsi isə ondan ibarətdir ki, tarixin sərt dönüş anlarında xalq vahid lider ətrafında sıx birləşməyi, ümumi həmrəyliyə nail olmağı bacarmalıdır.
“Dəyirmi masa”da AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, BDU-nun professoru Anar İsgəndərov, Türkiyə səfirliyinin nümayəndəsi Özer Şayıq, Qazaxıstan səfiri Serik Primbetov, Gürcüstanın müvəqqəti işlə vəkili Nikolay Qoqikidze, ATXƏM-in sədri İlham İsmayılov və başqaları çıxış edərək 20 Yanvarın yalnız faciə deyil, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu vurğulamış, bu gün sürətlə inkişaf edən, günbəgün qüdrətlənən Azərbaycan dövlətinə uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, ermənilərin və onların havadarlarının cəhdlərinə baxmayaraq Azərbaycan rəhbərliyinin ardıcıl olaraq həyata keçirdiyi siyasət nəticəsində Dağlıq Qarabağ işğaldan azad olunacaq, şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.
######