QAN YADDAŞI
20 YANVAR FACİƏSİ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTDİR
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Ədliyyə Nazirlyinin Ədliyyə Akademiyasında 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Ədliyyə Akademiyasının prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov XX əsrin sonlarında xalqımızın başına gətirilən bu faciə barədə ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, 1990-cı il yanvarın 20-nə keçən gecə törədilmiş o dəhşətli hadisələr Azərbaycanda baş qaldıran azadlıq hərəkatına qarşı yönəlmiş amansız bir aksiya idi. Xalqımızın gözünü qorxutmaq, əzmini qırmaq üçün keçmiş imperiya rəhbərliyinin, xüsusilə də Mixail Qorbaçovun əmri ilə Azərbaycana sovet ordusunun nizami qoşun hissələri yeridilmiş, bunun nəticəsində 137 nəfər günahsız insan qətlə yetirilmiş, 700-dək adam ağır yaralanmış və xəsarət almışdır.
Azərbaycanın o dövrdəki səriştəsiz, bacarıqsız rəhbərləri isə faciənin qarşısını almaq, xalqı bu dəhşətli bəladan qurtarmaq əvəzinə, hakimiyyət uğrunda savaşa çıxmışdılar.
Vurğulanmışdır ki, ermənipərəst sovet rəhbərləri tərəfindən məcburi istefaya göndərilmiş ümummili liderimiz Heydər Əliyev öz həyatını təhlükə altına ataraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və hadisəyə siyasi-hüquqi qiymət vermişdir.
Tədbirdə çıxış edən akademiyanın əməkdaşları da 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədildiyini bildirmiş, bu faciənin yaranma səbəbləri, tarixi kökləri barədə danışmış, insanlıq əleyhinə olan bu cinayətin cəzasız qalmayacağına əminliklərini ifadə etmişlər.
Qeyd olunmuşdur ki, yanvar faciəsi həm də xalqımızın şanlı tarixinə qəhrəmanlıq, yenilməzlik salnaməsi kimi daxil olmuşdur.