20 Yanvar faciəsi xalqımızın yaddaşında silinməz izlər buraxıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinə həsr olunan “Qanlı və şanlı tarix” mövzusunda “dəyirmi masa” keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb, 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb. BSU-da 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlərin təşkilinin nəzərdə tutulduğunu deyən R.Novruzov gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa çağırıb.
BSU-nun tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi yenilməzlik, qəhrəmanlıq, Vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan X.Sultanova Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan söz açıb. O, xalqımıza qarşı törədilən bu cinayəti tarixi faktlarla gələcək nəslə ötürməyin vacibliyini vurğulayıb.
Sonra BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirovun, beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadənin, bu universitetdə Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri Sevinc Axundovanın mövzu ilə bağlı məruzələri dinlənilib. Məruzəçilər həmin dövrün canlı şahidləri kimi mühüm faktlarla keçmiş sovetlər birliyinin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, faciənin törədilməsinin əsas məqsədi işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq idi. Bu qanlı hadisəyə ilk kəskin etirazını bildirən ümummilli lider Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il yanvarın 21-də özünün və ailəsinin həyatını böyük təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və burada keçirdiyi mətbuat konfransında faciəni törədən imperiya rəhbərlərini kəskin tənqid edib.
Sonda BSU-nun “SABAH” qrupunun dördüncü kurs tələbələri Səidə Qədimova, Şəhla Rəhimli və Fatimə Əlixanlı faciə barədə fikirlərini Azərbaycan, rus, ingilis dillərində bölüşüb, həmin dövrdə ölkəmizdə baş verən hadisələrlə bağlı hazırladıqları videomaterialı təqdim ediblər.