20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ MOSKVADA QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xatirə gecəsi keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan səfirliyinin müşavir-elçisi Baxış Zeynalov tədbiri açaraq bildirmişdir ki, bu faciəli hadisənin ildönümü Azərbaycanın hər yerində qeyd olunur və yüz minlərlə vətəndaşımız Şəhidlər xiyabanını ziyarət edərək, sovet imperiyasının törətdiyi vəhşiliyin qurbanı olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini dərin ehtiramla anır. On altı il əvvəl həmin qırğın baş verərkən Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev sovet imperiyasının öz xalqına qarşı törətdiyi vəhşiliyə qarşı etirazını bildirmək üçün ailə üzvləri ilə məhz bu binaya gəlmişdi. O zaman bizim həmvətənlərimiz informasiya blokadasını yarmaq, Azərbaycandakı hadisələr haqqında dünya ictimaiyyətinə obyektiv informasiya çatdırmaq üçün çox böyük səylər göstərmişdilər.
Sonra səfirliyin müşaviri Cavanşir Axundov xalqımızın tarixinin faciəli səhifələri haqqında məruzə etmişdir. O demişdir ki, sovet hərb maşınının Azərbaycana qarşı tətbiq etdiyi amansız zorakılığa baxmayaraq, 20 Yanvar xalqımızın tarixinin qəhrəmanlıq səhifələrindən biri olaraq qalacaqdır. Hər bir xalqın tarixində elə hadisələr və faktlar var ki, bunlar nəinki həmin tarixin əhəmiyyətini və zənginliyini göstərir, eyni zamanda xalqın xarakterinə və taleyinə də güclü təsir edir, tarixin inkişafını və onun perspektivini kökündən dəyişir. 1990-cı ilin yanvar hadisələri də bu qəbildəndir və indi, üstündən on altı il keçəndən sonra həmin günlərə nəzər salarkən buna bir daha əmin oluruq. Azərbaycan diplomatı xüsusi vurğulamışdır ki, yanvar faciəsinin bütün ağrı-acısına baxmayaraq, ona siyasi-hüquqi qiymət yalnız 1994-cü ildə, ulu öndər Heydər Əliyev yenidən rəhbərliyə qayıtdıqdan sonra onun səyləri sayəsində verilmişdir. Məruzədə belə bir fikir də vurğulanmışdır ki, zaman keçsə də, biz Azərbaycan xalqının tarixinin faciəli səhifələri haqqında obyektiv və düzgün informasiyanı dünya ictimaiyyətinə çatdırmaq üçün səyləri daha da artırmalıyıq.
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi şurasının üzvü, “Nasional” jurnalının baş redaktoru Rüstəm Arifcanov çıxışında özlərini milli lider hesab edən adamların məsuliyyətsizliyini kəskin tənqid etmişdir. O demişdir ki, Azərbaycanın o vaxtkı rəhbərlərinin, Azərbaycan KP MK-nın birinci katibinin xalqa xəyanət edərək, hərbi təyyarədə Moskvaya necə qaçmalarını, insanları barrikadalara və meydanlara çıxaran, özlərinin isə burnu belə qanamayan Xalq Cəbhəsinin nümayəndələrini yadda saxlamaq lazımdır. Həmin hadisələrdən ən böyük ibrət dərsini isə bizə Azərbaycanın ümummilli lideri Heydər Əliyev o vaxt özünün əsil vətəndaş mövqeyini nümayiş etdirməklə verdi.
Sonra çıxış edən “Antaliya” qəzetinin baş redaktoru İqor Peçenev, yazıçı Alla Axundova, şair Nəsib Nəbioğlu və başqaları yanvar hadisələri haqqında daha sanballı tarix əsəri nəşr etmək üçün geniş materiallar toplamağın zəruriliyini vurğulamışlar. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan tarixinin bu hadisələri barədə əsil həqiqətlərin Rusiya ictimaiyyətinə daha ətraflı çatdırılmasına yönəldilmiş işi davam etdirmək lazımdır.
Səfirliyin foyesində 20 Yanvar qırğınını əks etdirən fotostend qoyulmuşdu.
Xatirə gecəsində Moskva Dövlət Universiteti tarix fakültəsinin müəllimləri, Rusya Elmlər Akademiyası Avropa İnstitutunun, Moskvanın müxtəlif politologiya mərkəzlərinin, ÜAK-ın nümayəndələri, səfirliyin əməkdaşları, habelə Rusiyanın müxtəlif ali məktəblərində oxuyan azərbaycanlı tələbələr iştirak etmişlər.