20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Xoşimin adına Milli Siyasətlər Akademiyasında tədbir keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, akademiyanın tələbə və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə çıxış edən səfir Anar İmanov 20 Yanvar hadisələri haqqında geniş məlumat verib. Səfir 20 Yanvarın xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya cəsarətlə nümayiş etdirdiyini və bunun Azərbaycanın suverenliyinin təmin edilməsində dönüş nöqtəsi olduğunu bildirib.
A.İmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəli hadisələrin süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət olduğunu vurğulayıb.
Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bütün təzyiqlərə və təqiblərə baxmayaraq, xalqın faciəsində məsuliyyət daşıyanları dünyanın gözü qarşısında ittiham etdiyini vurğulayıb. O, Heydər Əliyevin Moskvadakı çıxışında sovet rejiminin gerçək simasını açdığını və bu siyasətə qəti etirazını ifadə etdiyini diqqətə çatdırıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsi Ermənistan tərəfindən tamamilə rədd edilib. A.İmanov münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü qeyd edib.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib.