20 YANVAR FACİƏSNİN 16-CI İLDÖNÜMÜ İĞDIR VƏ QARSDA QEYD EDİLMİŞDİR
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvarda Sovet qoşunlarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən fotosərgi ilə tanış olmuşlar. Sonra İğdır Bələdiyyəsinin sədri Nürattin Aras konfransı açaraq, hər qarışı şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının müqəddəsliyindən danışmış, xalqın mərd və mübariz olduğunu və bunun sayəsində öz müstəqilliyinə qovuşduğunu bildirmişdir. O qeyd etmişdir ki, iğdırlılar bu vəhşiliklərə biganə qalmamış, müxtəlif etiraz aksiyaları keçirmişlər. İğdırlılar işğal altında olan torpaqlarımızın azad edilməsində də Azərbaycanın yanında olacaqlar.
Baş Konsul Həsən Zeynalov çıxış edərək 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş vəhşiliklərdən, o zamankı respublika rəhbərlərinin biganəliyindən, ölkədə gedən kürsü davalarından, ümummilli liderimiz Heydər Əliyevin həyatını təhlükəyə qoyaraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində, mətbuat nümayəndələri qarşısındakı cəsarətli, Azərbaycan xalqına qarşı törədilən cinayətlərin başında M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin durduğunu və Azərbaycanın bu fəlakətdən qurtuluş yollarını göstərən tarixi çıxışından bəhs etmişdir. Sonra Baş Konsul mətbuat nümayəndələrinin suallarını cavablandırmışdır.
Yanvarın 20-də isə Qarsda Baş Konsulluqda yerli və mərkəzi mətbuat nümayəndələri, bu vilayətdə yaşayan və çalışan azərbaycanlıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr edilmiş konfrans keçirilmişdir.
Baş Konsul H.Zeynalov geniş çıxış etmiş və konfrans iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.