20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinin bərqərar olması yolunda mübarizənin başlanğıcıdır
Bakı, 17 yanvar, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan diasporunun təşkilatçılığı ilə şəhər məscidlərinin birində baş tutan mərasim 20 Yanvar şəhidlərinin ruhuna duaların oxunması ilə başlayıb.
Tədbirdə imam-xətib Əbdürrəuf Zabirov, Tatarıstanın xalq artisti, professor Minqol Qaliyev, Leninoqorsk şəhər və rayon Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin “Birlik” ictimai təşkilatının sədri Ramiz Məmmədov və Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov çıxış ediblər.
Otuz iki il əvvəl Bakıda törədilmiş 20 Yanvar qırğını ilə bağlı xalqımıza başsağlığı verən natiqlər bildiriblər ki, Qara Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bildirilib ki, hüquqlarını müdafiə edən dinc insanların güllələnməsini unutmaq mümkün deyil. 20 Yanvar şəhidləri arasında müxtəlif millətlərin nümayəndələrinin, o cümlədən tatarların da olduğu vurğulanıb.
“20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinin, azadlığının və milli-mənəvi dəyərlərinin bərqərar olması yolunda mübarizənin başlanğıcı və ilk mənəvi qələbəsi oldu. Həmin gün xalq sınmadı, azadlıq əzmini itirmədi, əksinə, haqlı olduğunu daha yüksək səslə bəyan etdi. Vətənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edir, müharibə qazilərinə cansağlığı arzulayırıq. Allah şəhidlərin ruhunu şad etsin!”, - deyə imam-xətib Əbdürrəuf Zabirov bildirib.