20 Yanvar hadisələrində xalqımızın igid övladları əsl Vətən sevgisini bir daha göstərdilər
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 19-da Daxili Qoşunların hərbi hissəsində xidmət edirdim. Həmin gün çox kədərli gün idi. Evə gələndə gördüm ki, çöldə dinc əhaliyə qarşı atəş açılır. İnsanları avtobusla yaralılara kömək etmək üçün aparırdılar. Həmin vaxt günahsız xalqa, hətta təcili tibbi yardım maşınlarına da atəş açılırdı.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Binəqədi Rayon Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Telman Hətəmov bildirib.
Telman Hətəmov deyib: “Yanvarın 20-də məlum oldu ki, SSRİ rəhbərliyi Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq üçün Bakıya nizami ordu yeridib. Məqsəd paytaxtımıza daxil olaraq xalqımızın iradəsini sındırmaq idi. Lakin xalqımızın oğul və qızları əliyalın olmalarına baxmayaraq, igidliyini, qorxmazlığını, Vətənə sevgisini bir daha göstərdi və öz canlarını azadlıq, müstəqillik uğrunda fəda etdilər. Allah şəhidlərimizə rəhmət etsin”.
Rəhbərlik etdiyi təşkilatın, veteranların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm işlər gördüyünü söyləyən Telman Hətəmov qeyd edib ki, məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, onları orduda xidmətə hazırlamaqdır. Eyni zamanda, ölkəmizdə veteranlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Hazırda Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Silahlı Qüvvələrimiz bizim qürur mənbəyimizdir. Biz ordumuzla və Vətənimizlə həmişə fəxr edirik.