20 Yanvar şəhidləri bayrağımız kimi qürur və and yerimizdir
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mərasimdə 20 Yanvar hadisələri haqqında danışılıb, həmin gecə şəhid olmuş həmvətənlərimizin ruhu yad edilib.
Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov 20 Yanvar hadisələrinin şahidi kimi həmin gecənin dəhşətlərindən danışıb: “Yaddaşlarımızdan heç vaxt silinməyəcək o gecədə verdiyimiz şəhidlər Azərbaycan tarixində növbəti qəhrəmanlıq səhifəsini yazdılar. Onlar azadlığımızın, müstəqilliyimizin və milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərə də qürur yeri olacaqlar”.
Daha sonra institutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxış edərək 20 yanvar hadisələrindən artıq 28 il ötməsinə baxmayaraq, həmin tarixin bu gün də eyni ağrı və qəzəb hissi ilə anıldığını vurğulayıb. Bildirib ki, şəhidlər bayrağımız kimi qürur və and yerimizdir. Şəhidlərin qanı heç vaxt yerdə qalmayacaq.
Sonda şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.