20 YANVAR ŞƏHİDLƏRİ RUMINİYADA ANILMIŞDIR
Tədbirdə təşkilatçılarla bərabər Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının, Rumıniya-Türkiyə Sənaye və Ticarət Palatasının, Türk İş Adamları Dərnəyinin, Türkiyə Yatırımçıları Birliyinin, türk-tatar icmasının nümayəndələri, burada yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin KİV nümayəndələri iştirak etmişlər.
Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Buxarest müsəlman məscidinin imamı Osman Əziz şəhidlərin ruhuna dualar oxumuşdur.
Səfirlik 20 Yanvar faciəsinin səbəb və nəticələrini əks etdirən məlumat hazırlayaraq Rumıniyadakı səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, dövlət strukturları və qeyri-hökumət təşkilatlarına göndərmişdir. Faciə barədə Rumıniya mətbuatında geniş məlumat verilmişdir.
Tədbirdə və yayılan məlumatda 1990-ci ilin 20 yanvarında sovet rejiminin Azərbaycan xalqına qarşı vəhşilik aktı, dinc və silahsız əhalinin vəhşicəsinə gülləbaran edildiyi diqqətə çatdırılmışdır. Faciə zamanı 130-dan çox dinc sakinin qətlə yetirilməsi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarəti alması məlumatda öz əksini tapmışdır.
Bundan əlavə, məlumatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verilməsi göstərilmiş, onun 1990-ci il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etirazını ifadə etməsi diqqətə çatdırılmışdır.