20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar faciəsi ilə bağlı respublikada və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin keçirildiyini qeyd edib. Qanlı Yanvar hadisələri haqqında danışan prorektor Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildirib. Qeyd olunub ki, faciə baş verən günün səhəri öz yaxınları ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev öz çıxışında törədilən qırğını kəskin pisləyib və buna imza atanlara qəti narazılığını bildirərək Moskva rəhbərliyini sərt tənqid edib.
Daha sonra tələbələr 28 il bundan öncə baş vermiş bu dəhşətli hadisənin təfərrüatları ilə bağlı hazırladıqları geniş təqdimatla çıxış ediblər.
20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışan BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev sovet ordusunun törətdiyi bu qanlı cinayətin əslində keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyini, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib.