QAN YADDAŞI
20 YANVAR ŞƏHİDLƏRİNİN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı, 16 yanvar (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillərin Sosial Müdafiəsi Baş İdarəsində (ƏSMBİ) 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşdə onların sosial qayğıları barədə danışılmışdır.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. ƏSMBİ-nin rəisi İbrahim Heydərov ölkəmizin müstəqilliyi yolunda həlak olmuş şəxslərin ailələrinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə Prezident təqaüdlərinin təsis olunduğunu, 141 nəfər 20 Yanvar şəhidlik fəxri adı almış şəxslərin ailələrinə ayda 300 manat məbləğində təqaüd təsis edildiyini söyləmiş, 20 Yanvar əlillərinə də müxtəlif qruplar üzrə müavinətlərin təyin olunduğunu demişdir.
İ.Heydərov qanlı Yanvar gecəsinin ağrı-acısını daşıyan hər bir vətəndaşımıza ƏƏSMN tərəfindən diqqət və qayğı ilə yanaşıldığını və bu faciənin əsl qiymətinin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirmişdir.
20 Yanvar Fondu idarə heyətinin sədri Yusif Bünyadzadə, 20 Yanvar Əlilləri Cəmiyyətinin sədri Sultan Əzimzadə, şəhid ailələri Şövkət Xanməmmədova, Ziyafət Rüstəmova və başqaları sovet imperiyasının xalqımıza qarşı törətdiyi cinayətin ölkəmizin müstəqilliyi yolunda şanlı bir səhifə olduğunu bildirmişlər. Ölkə başçısının 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və əlillərin sosial problemlərinin həllinə göstərdiyi diqqəti və qayğını yüksək qiymətləndirmişlər.
Görüşdə 20 Yanvar əlillərinin növbədənkənar mənzillə təmin olunmaları, onların övladlarının ali və orta ixtisas məktəblərində ödənişlərdən azad olunmaları, fərdi ev tikmək üçün torpaq sahələri ilə təmin olunmaları və digər güzəştlərin də olduğu vurğulanmışdır.
Tədbirin sonunda 20 Yanvar əlillərinə 23 min manat maddi yardım paylanmışdır.