20 Yanvar-unudulmayan faciə
Bakı, 18 yanvar, Z.Mansurova, AZƏRTAC
Yanvarın 18-də M.S.Ordubadinin xatirə muzeyində Qanlı Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Lalə Abaszadə 20 Yanvar faciəsini unudulmayan faciəmiz adlandırıb.
Muzeyin əməkdaşı İradə Vəliyeva 20 Yanvar hadisəsinin bu gün gənc nəsillər üçün vətənpərvərlik örnəyi olduğunu bildirib.
Tədbirdə Qanlı yanvar hadisələrinin canlı şahidləri olan şəhid Cavad İsmayilzadənin həyat yoldaşı Həcər İsmayılzadə, Əməkdar Memar Nəriman Əliyev, fizika -riyaziyyat elmləri doktoru Azər Nəbiyev , BDU-nun müəllimi, texniki fənlər üzrə fəlsəfə doktoru İslam Göyüşov o qanlı hadisələrin şahidi kimi baş verən hadisələri xatırlayıb, xalqımızın qəhrəmanlıq iradəsinin, mübarizə əzminin daim yaşayacağını bildiriblər.
Şairlər Zərəngiz Dəmirçi, Güləmayil Murad 20 Yanvar faciəsini Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini təcəssüm etdirdiyini söyləyiblər. Bu tarixi hadisənin xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olduğunu, sonu müstəqilliyə aparan bir yolun başlanğıcı olduğunu söyləyiblər.
Tədbirin sonunda Aygün Zamanlının rəhbərlik etdiyi “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İB-nin üzvləri, Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.