CƏMİYYƏT
Nərimanov rayonunda evlərdən su sayğacları oğurlayan şəxs tutulub VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Nərimanov rayonunda 10 mənzilə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Eldarov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğacların bir qismi saxlanılan şəxsdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Hüseyn Eldarovun sayğacları oğurlaması təhlükəsizlik kameraları ilə də lentə alınıb.
Bölmə əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri digər bir əməliyyat zamanı Bakı şəhər sakini Kamil Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sosial şəbəkələrdə tanış olduğu, xarici ölkələrdən birində yaşayan narkotacirdən satış məqsədilə əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar edilib. Kamil Əliyev ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirib.
Faktlarla bağlı 16-cı polis bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Hüseyn Eldarov və Kamil Əliyev ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.