CƏMİYYƏT
Xaçmaz və Şabranda meşə ərazilərinin yanmış ağaclardan təmizlənməsi işlərinə başlanılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Yanmış ərazilərdə meşəbərpa tədbirlərinin aparılması istiqamətində işlərə başlanılıb. İlk olaraq məhv olmuş, bioloji inkişafdan qalmış ağacların qeydiyyatı aparılıb. Hazırda Xaçmaz və Şabranda meşə ərazilərinin yanmış ağaclardan təmizlənməsi istiqamətində tədbirlər görülür. Ərazi yanmış ağaclardan təmizləndikdən sonra payız mövsümündə relyef və iqlim şəraiti nəzərə alınmaqla toxum səpilməsi və mümkün olan ərazilərdə tinglərin əkilməsi planlaşdırılır. Bununla bağlı həmin ərazilərin bərpası proqramı üzərində işləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Ötən illərdə də yanğın baş verən ərazilərdə meşə bərpa tədbirləri görürdük. Nəticədə üç il bundan öncə yanğın baş vermiş ərazilərdə əkilən ağaclar pöhrələyiblər. Həmin ərazilərin əvvəlki vəziyyətinə çatmasına müəyyən qədər vaxt lazımdır”, - deyə X.Hüseynov qeyd edib.